Əsas Səhifə > Güney Press > Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundurDünən, 17:46 |
Ermənistan Baş naziri Nikol Paşinyanın əmri ilə ölkənin təhlükəsizlik orqanları bütün ermənilərin katolikosu II Qaregin barəsində faktlar toplayır. Bu barədə Ermənistanın hökumət mənbələrinə istinadla “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Nikol Paşinyan 4 gündür sosial mediada katolikos və kilsə haqqında paylaşım etməsə də, kilsəyə qarşı kampaniya bitmiş hesab edilə bilməz: “Hökumət mənbələrinin bildirdiyinə görə, susqunluq olsa da, hökumət kilsəyə qarşı gizli fəaliyyətini davam etdirir: onlar faktlar toplayır və kompromatlar hazırlayırlar. Passivlik regiondakı qeyri-sabitlik, İran-İsrail müharibəsi ilə şərtlənir”.“Hraparak”ın fikrincə, Paşinyan II Qareginə son zərbəni vurmaq, yəni onu vəzifəsindən uzaqlaşdırmaq üçün uyğun məqamı gözləyir. Mənbə Ermənistan baş nazirinin məsələni 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər həll etmək istədiyini bildirib. Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Ermənistanda bütün bəlaların kökündə kilsə dayanır:
“Həqiqətən də, erməni din xadimləri barışdırıcı mövqe tutmaq əvəzinə, daha çox qızışdırıcı yanaşma sərgiləyiblər. Ermənilərin Türkiyə və Azərbaycanla düşmən münasibətlərə malik olmasının əsas səbəblərindən biri də kilsədir. Birinci Qarabağ müharibəsi zamanı erməni din xadimləri insanları qızışdıraraq iki xalqı müharibəyə sürüklədilər. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra da eyni mövqedən çıxış etdilər. Müharibə bitdikdən sonra belə, kilsə nümayəndələrinin iki xalq arasında sülhün əldə olunmasına maneə törətməyə davam etdiyini görürük. Onların bu fəaliyyəti artıq Azərbaycan və Türkiyə ilə dinc, yanaşı yaşamağın vacibliyini anlayan Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən də qəbul olunmur. Məhz buna görə Paşinyan kilsəyə qarşı müəyyən addımlar atmaq məcburiyyətində qalıb. Kilsə din ocağı olaraq xalqları sülhə çağırmadıqca, Ermənistanın sabitliyi və rifahı mümkün olmayacaq. Paşinyanın bu prosesdən qalib çıxmasını arzu edirəm. Çünki biz hər nə qədər ermənilərlə çətin və ağrılı mərhələlərdən keçmiş olsaq da, onlarla əbədi düşmənçilik etmək niyyətində deyilik. Azərbaycan ermənilərlə dinc və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Bu yolda əsas maneə olan kilsənin zərərsizləşdirilməsi isə təkcə Ermənistanın deyil, həm də Azərbaycan və Türkiyənin maraqlarına uyğundur”.
Geri qayıt |