Əsas Səhifə > Güney Press / Partiya > "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir"
"İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir"Dünən, 06:39 |
Azərbaycan Ermənistandan açıq dəhliz tələb edir, İrəvan isə dəhlizdə sərhəd və gömrük xidmətinin fəaliyyət göstərməsini istəyir. Yəni Ermənistan hökuməti Zəngəzur dəhlizinin əleyhinə deyil, əksinə, Baş nazir Nikol Paşinyan ölkəsinin Zəngəzur dəhlizi vasitəsilə Orta dəhlizin tərkib hissəsi olmasını istəyir. İki ölkə arasındakı məsələyə baxışdakı fərq, sadəcə, Zəngəzur dəhlizinin işləmə mexanizmindədir. Bakı ilə İrəvan ortaq məxrəcə gələrək Zəngəzur dəhlizinə razılaşarsa, İran, Fransa və başqa ölkələrin "dəhlizin açılmasına imkan verməyəcəyik" kimi bəyanatları da puç olacaq.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov Sherg.az-a deyib ki, Zəngəzur dəhlizi birmənalı şəkildə regionun inkişafını təmin edən bir layihədir. Parlament üzvünün fikrincə, iqtisadi layihələndirmə onu göstərir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru nəqliyyatın bərpası deyil. Həmçinin, bütünlükdə region dövlətləri üçün yeni imkanlar deməkdir:
"Bu, Azərbaycan və Ermənistan daxil olmaqla, yəni Zəngəzur dəhlizinin keçdiyi ölkələr daxil olmaqla digər qonşu ölkələrin də iqtisadiyyatına töhfə verə bilər. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya olunacaq. Bu da Azərbaycan daxil olmaqla region ölkələri üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək. Qiymətləndirmə göstərir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsindən həm də iqtisadi baxımdan həm qardaş Türkiyə, eyni zamanda İran və Rusiya, o cümlədən Gürcüstanın dividendləri olacaq. Bu kontekstdən Zəngəzur dəhlizi bütövlükdə region ölkələrinə iqtisadi faydalar gətirəcək bir layihədir. Rasional olaraq regional ölkələrin bu ideyanı dəstəkləməsi və dəhlizin daha tez istifadəyə verilməsi bütövlükdə Cənubi Qafqaz regionunun geoiqtisadi maraqları baxımından əhəmiyyətlidir".
Geri qayıt |