Əsas Səhifə > Güney Press > İsrailin gözlədiyi NƏ İDİ...
İsrailin gözlədiyi NƏ İDİ...Dünən, 15:24 |
İsralin İrana gözlənilən hücumunun effekti proqnozlaşdırılandan daha ağır oldu: nüvə obyektlərinin, yüksək hərbi komandanlığın və hərbi infrastrukturun vurulması faktiki müharibə elanıdır. Rəsmi Tehran da daha öncə nüvə obyektlərinin vurulmasının genişmiqyaslı müharibəyə səbəb olacağını bildirmişdi.
Bu hücum üç punktual məsələni önə çıxarır:
- ABŞ müharibəni, yoxsa danışıqları dəstəkləyəcək?
- İsrail müharibəni davam etdirəcəkmi?
- İranın seçimi necə olacaq?
ABŞ-İran danışıqlarının “dalana dirənməsi” fonunda Vaşinqton üçün İsrailin hücumu Tehranı masada razılaşmaya məcburetmək aktı hesab oluna bilər. Yaxın Şərqdə genişmiqyaslı müharibə istəməyən ABŞ-ın danışıqları davam etdirmək xəttini izləyəcəyi ehtimalı böyükdür.
Bu, İsrailin İranı tamamilə cilovlamaq planına uyğun gəlmir. Netanyahunun müharibənin uzun müddət davam edəcəyinə dair açıqlaması və səfərbərlik elanı da Təl-Əvivdə genişmiqyaslı döyüşə hazırlığından xəbər verir. Hərçənd, hadisələrin inkişafını böyük ölçüdə İranın seçimləri müəyyən edəcək.
İran nüvə danışıqlarının növbəti raundundan imtina edib. Bu, Tehranın müharibə seçimi kimi görünsə də, yekunda masaya qayıdacağı ehtimalı daha böyükdür.
1. İranın hərbi resursları zəif olmasa, son hücum bir daha ispatladı ki, İsraillə müharibənin nəticəsi onlar üçün arzuolunan olmayacaq;
2. İsraillə genişmiqyaslı müharibə İrana beynəlxalq koalisiya ilə üzləşmək riski yaradır və bu, nəinki rejimin, bütövlükdə ölkənin də gələcəyini sual altına salır: Baydendən fərqli olaraq, Tramp İsrailin koalisiya istəyini dəstəkləyə bilər;
3. Sanksiyalar altında olan İranın belə bir müharibə üçün iqtisadi resursları da zəifdir;
4. Genişmiqyaslı müharibədə İran daxilində vahid mövqeyi qorumaq asan olmayacaq;
5. Yaxın Şərqdə proksi qüvvələri böyük ölçüdə sıradan çıxan İran belə bir müharibədə tamamilə təklənə bilər: Rusiya diqqətin Ukraynadan yayınması və ABŞ-la bazarlıq üçün bunda maraqlı ola bilər; Tehranı dəstəkləyən Pekinin reaksiyasının ritorik müstəvidən uzağa gedəcəyi gözləntisi azdır;
Praqmatik yanaşma İranın genişmiqyaslı müharibədən qaçacağı fikrini önə çıxarır. Lakin buna qədər effektsiz olsa belə “qisas addımları”nın atılacağı məlumdur. İranın masaya qayıtma müddəti də burada önəmli amildir. İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq və hərbi potensialına maksimum zərər vurmaq istəyən İsrail bunun mümkün qədər gec baş verməsində maraqlıdır.
Asif Nərimanlı - "DİA-AZ"
Geri qayıt |