Əsas Səhifə > Güney Press > Neftçilərin bu əmək hüququ POZULARSA...

Neftçilərin bu əmək hüququ POZULARSA...


Dünən, 08:27

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi olaraq verilən - suallardan biri də odur ki, son zamanlar işçilərlə bağlanmış Əmək müqavilələri Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə sistemli olaraq pozulur. Bağlanmış əmək müqavilələrinin AR Əmək Məcəlləsinin 70 - ci maddəsinin b) bəndi ilə pozulması zamanı - işçilərin hansı hüquq və təminatları vardır?
1. İlk olaraq onu bildirmək istəyirəm ki, İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquq və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir. Bu zaman
Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə etməyə borcludur.
2. "İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı" həyata keçirilərkən, o cümlədən də işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görür.
3.İşçilərlə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) əsası ilə pozulması zamanı verilən Əmrlır əsaslandırılmalıdır.
4. Əmək Məcəlləsinin tələblərinə uyğun verilməyən və ya digər qanun pozuntuları ilə verilmiş Əmr məhkəmə qaydasında ləğv edilə bilər.
5. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
6. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
7. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
Şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə. Kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
8. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
* AR Əmək Məcəlləsində peşəkarlığın hansı qaydada müəyyən edilməsi çox təəssüf ki, birbaşa olaraq göstərilmir.
*Bu halda işəgötürən tərəfindən işçinin qeyd olunan peşəkarlığı aşağıdakı qaydada müəyyən edilə bilər, ayrı seçkilik salınmadan bütün işçilərə qarşı eyni qaydada: işçinin əmək vəzifələrini, xüsusən də əmək funksiyalarını hansı qaydada yerinə yetirməsi, bu sahədə nailiyyətləri, hər ilin nəticəsinə görə əmək fəaliyyətinin və işlərinin qiymətləndirilməsi, təhsili, əmək funksiyalarını yerinə yetirmək qabiliyyəti və bacarığı, taarif vəzifə dərəcəsi, işə davamiyyəti, işlə əlaqədar aldığısertifikat, tərifnamə və digər mükafatlar, peşəkarlığı ilə əlaqədar əmək haqqına əlavə və mükafatlar, əmək funksiyasının yüksək səviyyədə yerinə yetirməsi ilə əlaqədar aldığı birdəfəlik pul mükafatları, iş stajı, müəssisənin daxili nizam intizam qaydalarına əməl etməsi, əmək intizamı məsuliyyətinə cəlb olunması və sair kriteriyalar. Bu və işəgötürənin təyin etdiyi digər kriteriyalar işəgötürən tərəfindən əhəmiyyətinə görə əvvəlcədən ardıcıl olmaqla, ayrı seçkilik salınmadan və bütün işçilər üçün eyni qaydada tədbiq edilməklə işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilə bilər. Peşəkarlığın müəyyən edilməsi işəgötürənin əvvəlcədən müəyyən etdiyi hər bir kriteriya üzrə müəyyən ballar üzrə hesablanmaqla təyin edilə bilər.
* Əgər işçilərin peşəkarlığı qanunla nəzərdə tutulan qaydada və bərabər surətdə həyata keçirilməyibsə, ədalətli olmayıbsa bu barədə olan Əmr məhkəmə qaydasında ləğv edilə bilır.
9.Ştatların ixtisarı və işçilərin sayı azaldıqda İşəgötürən tərəfindən - işçilərin aşağıdakı üstünlükləri nəzərə alınmalıdır:hamilə,habelə 3 yaşadək uşağı olan qadınların, 3 yaşadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq skleroz xəstə olması səbəbinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin.
10. Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
11.Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi, müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
12. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu əsasla ləğv etmək istəyən işəgötürən - həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
* Bu barədə keçirilən prosesdə və ya iclasda işçilərin iştirakı mütləq təmin edilməli, onun etiraz, fikirlərinə müvafiq qiymət verilməlidir.
13. İşçilərin sayı azaldıqda və ştatları ixtisar olduqda Əmək Məcəlləsi 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl:
* İşçi əmək stajından asılı olaraq: müəyyən müddətlərdə rəsmi Xəbərdar edilməlidir: 2-9 həftə əvvəl.
* Xəbərdarlıq müddəti ərzində işçi hər bir iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
* Əmək stajından asılı olaraq işçiyə: əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilir.
İşəgötürənlər işçinin bu əmək hüquqlarının pozulmasına, Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)

Geri qayıt