
Azərbaycanda erkən nikahın qarşısını almaq üçün müvafiq qanunlar mövcuddur və erkən nikahı qadağan edən normalar var. Aydındır ki, nikah yaşı qanunla 18 yaş və üzəri müəyyən edilib. Yəni bu yaşdan aşağı nikah qadağandır. Amma praktikada hər kəs qanuna əməl etmir. Bir çox hallarda ailələr və yerli icmalar qanunu gözardı edir, erkən nikahlara dolayısı yolla yol verirlər.
Nəticəsə uşaqlar, xüsusilə qızlar, təhsildən yayınaraq erkən nikaha cəlb edilirlər. Gənc qızlar öz arzularını ifadə etməkdə çətinlik çəkir, ailənin və cəmiyyətin tələblərinə uymalı olurlar. Bu da erkən nikahların davam etməsinə səbəb olur.
Qeyd edək ki, məktəblərdə cinsi tərbiyə və hüquqi maarifləndirmə dərsləri aparılır, bu dərslərdə erkən nikahın zərərləri, uşaqların hüquqları və sağlam həyat tərzi mövzularına toxunulur.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, təhsilalanlar ibtidai təhsil səviyyəsindən başlayaraq öz hüquqları barədə məlumatları mənimsəyir, xüsusilə “Həyat bilgisi” fənnində uşaq hüquqları barədə biliklərə yiyələnirlər”.
Bəs erkən nikahın qarşısının alınması ilə bağlı məktəblərdə aşılanan bilgilər nə qədər effektlidir? Konkret bu mövzuda tədris proqramı var?
Bu barədə Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, ümumi orta və tam orta təhsil səviyyələrində isə təhsilalanların yaş səviyyəsinə uyğun olaraq, Biologiya fənni üzrə dərsliklərdə reproduktiv sağlamlığa dair daha geniş anlayışlar və məlumatlar təqdim olunur.
“Əlavə olaraq, ümumi təhsil pilləsi üzrə təhsilalanlar arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası evliliklərin qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə aidiyyəti qurumların birgə səyləri nəticəsində “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” hazırlanmış və rəqəmsal versiyası www.trims.edu.az saytının “Tövsiyə olunan tədris resursları” bölməsində yerləşdirilib. Ötən tədris illərində sözügedən metodik vəsait üzrə ölkənin bütün regionlarında yerləşən ümumi təhsil müəssisələrində maarifləndirmə işi təşkil olunub”.
Geri qayıt
|