Əsas Səhifə > Güney Press > Axı, o, niyə susur?

Axı, o, niyə susur?


Bu gün, 05:51

Rusiyanın strateji hərbi aerodromlarına misli görünməmiş hücum nəticəsində bu ölkənin nüvə silahı daşıya bilən təyyarələri məhv edilib və zədələnib. Amma Kreml bu olaya üç gün sonra cəmi bir cümləlik açıqlama ilə reaksiya verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın Murmansk, İrkutsk, Ryazan və İvanovo vilayətlərindəki dörd aviabazaya endirdiyi zərbələrin araşdırılması üçün “əllərindən gələni edəcəklər”. Peskov əlavə şərh verməkdən imtina edərək, bunun “xüsusi xidmət orqanlarının səlahiyyətində olduğunu” deyib.

Bu arada Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin “Rusiyanın Perl-Harburu” adlandırlan hücumuna hələ də münasibət bildirməyib. Kreml mətbuat xidmətinin məlumatına görə, prezident bu müddət ərzində müxtəlif görüşlər keçirsə də, bu görüşlərdə təyyarələrin məhv edilməsi məsələsinə toxunmayıb.

“The Washington Post”a danışan keçmiş yüksək rütbəli Kreml rəsmisinin sözlərinə görə, Putin bu hücumlara ümumiyyətlə heç bir reaksiya verməyə də bilər. Mənbə bildirib ki, bu, Rusiya xüsusi xidmətlərinin ciddi fiaskosudur və prezident ciddi şəkildə narazıdır. Lakin onu daha çox başqa məsələlər düşündürür: “Müharibə hər ay canlı qüvvə çatışmazlığını daha da dərinləşdirir və görünən odur ki, bunun həlli yoxdur”.

Jurnalistin həmsöhbətinin fikrincə, Putin Ukrayna zərbələri ilə bağlı səssiz qalmaq və bu xoşagəlməz vəziyyətin üstündən keçmək yolunu seçəcək.

Amerika kəşfiyyatının məlumatına görə, Rusiyanın bu hücum nəticəsində “əhəmiyyətli” itkilər verdiyi dəqiqləşib. The New York Times-ın Tramp administrasiyasındakı mənbələri bildiriblər ki, azı 6 ədəd Tu-95 uzaq mənzilli bombardmançısı, azı 4 Tu-22M və hər biri 300 milyon dollar dəyərində olan A-50 radiolokasiya təyyarəsi sıradan çıxarılıb.

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına əsasən, 2024-cü ildə Rusiyanın nüvə triadasında 55 ədəd Tu-95 və Tu-160 bombardmançısı olub. Onlar 10 min kilometrdən artıq məsafə qət edə bilir. Tu-95-lər 200 kiloton gücündə 16 nüvə başlığı, Tu-160-lar isə 12 belə başlıq daşıya bilir. Bundan əlavə, Rusiyanın istifadəsində 6500 kilometr uçuş məsafəsinə malik 60 Tu-22M3 təyyarəsi də var.

Sözsüz ki, Putinin bu biabırçı vəziyyət fonunda niyə susmağa üstünlük verməsi çox maraqlıdır. O, hətta, artıq bir neçə gündür ictimaiyyət qarşısına da çıxmır. Məlumatlı mənbələr deyirlər ki, hazırda Rusiya mərkəzi telekanallarında Putinlə bağlı yayımlanan süjetlər əvvəldən lentə alınmış və real vaxtla bağlılığı olmayan “konserv” materiallardır. Rusiyada prezidentin naməlum səbəblərlə səhnədən çəkildiyi dövrlər üçün əvvəlcədən hazırlanmış videolara “konserv” deyilir.

Bəs təcavüzkar niyə susub? Ətrafının mümkün reaksiyasından ehtiyatlanır, yoxsa Ukraynaya qarşı hansısa gizli cavab zərbəsinə hazırlaşır? Onun yenidən ictimaiyyət qarşısına çıxacağı zaman nələr baş verə bilər?

Pressklub.az-ın suallarına siyasi şərhçi, Deutsche Welle-nin kolumnisti Konstantin Eqqert (Vilnüs) münasibət bildirib.

“Birincisi, Putin heç vaxt özünü uğursuzluqlarla assosiasiya etməyi sevmir. Çox güman ki, o, bu səbəbdən də susur. Peskov da sadəcə iki cümlə ilə kifayətləndi. İkincisi, əslində, cavab vermək üçün də əlində ciddi bir imkan yoxdur. Ukraynanı mövcud silahlarla atəşə tutmaqdan və dinc əhalini qorxutmaqdan başqa yolu qalmır. Üçüncüsü, düşünürəm ki, hazırkı vəziyyət Rusiyanın hərbi qüvvələrinin cəbhədə hansısa dramatik və həlledici əməliyyatlar keçirmək imkanına malik olmadığını açıq şəkildə göstərir.

Və mən düşünmürəm ki, Putinin ehtiyatında Ukraynanı zəif duruma salacaq, yaxud dəqiq desək, ona çox ciddi bir zərbə vuracaq, qəfil şəkildə Rusiyanın gücünü nümayiş etdirəcək hansısa super-ciddi planı və ya son dərəcə mürəkkəb əməliyyatı var” – siyasi şərhçi fikrini bildirib.

Onun fikrincə, bu mənada Rusiyada canlı qüvvə çatışmazlığı ilə bağlı xəbərlərin də müəyyən əsası var.

“Burada əsas məsələ orduya müqavilə əsasında getməyə hazır olan adamların olmaması deyil. Problem ondadır ki, itkilərin sayı həddindən artıq yüksəkdir və ordunun canlı qüvvə ilə təminatı zaman keçdikcə rejim üçün daha ciddi problemə çevriləcək. Çünki Putini ən çox qorxudan cəmiyyətin baş verənlərin miqyasını dərk etməsi və yuxudan oyanmasıdır. Düzdür, yaxın perspektivdə bunun baş verəcəyi real görünmür. Lakin həm cəbhə xəttindəki vəziyyət, həm də mümkün iqtisadi çətinliklər fonunda Putin rejimin sabitliyi barədə düşünməyə məcburdur.

Məhz bu səbəbdən Putinin susqunluğu təsadüfi deyil və o, gələcəkdə daha tez-tez susacaq. Daha dəqiq desək, tamamilə susmayacaq, lakin müharibə barədə danışmaqdan getdikcə daha çox yayınacaq və guya ki, sırf dövlət idarəçiliyi ilə məşğul olduğu görüntüsü yaratmağa, sanki ortada müharibə yoxmuş kimi davranmağa çalışacaq”, – Konstantin Eqqert vurğulayıb.


Geri qayıt