Əsas Səhifə > Güney Press > Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi

Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi


Dünən, 17:58

Dini mahnılar oxuyan ilahiyyatçı Taleh Boradigahi Turan Partiyasının sədri Cahandar Bayoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Boradigahi partiya sədrini şəxsinə qarşı böhtan xarakterli çıxışlar etməkdə və yalan məlumatlar yaymaqla işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edib.

Şikayətə əsas kimi Bayoğlunun televiziya kanallarının birində son günlərdə səsləndirdiyi fikirlər göstərilib. Həmin verilişin görüntüləri məhkəməyə təqdim olunub.

Partiya sədri efirdə bildirib ki, bu gün Azərbaycandan qastrola gedən müğənnilər arasında sərhəd bölgələrində Səfəvilər dövrünə aid şərqilər ifa edənlər var və bu tədbirlər şiə-sünni qarşıdurmasını qızışdırır: “Taleh Boradigahi də bu gün orada qastroldadır. Onlar Xameneinin artistləridir”.

Xüsusi ittihamçı bu və digər ifadələrin təhqir və böhtan xarakteri daşıdığını bildirərək qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Cahandar Bayoğlunun vəkili isə şikayətin əsassız olduğunu deyib və icraata götürülməməsini xahiş edib. Müdafiə tərəfinin fikrinə görə, hər kəsin söz və fikir azadlığı var və Bayoğlunun səsləndirdiyi fikirlərdə təhqir və böhtan cinayətlərinin əlamətləri yoxdur.

Məhkəmə tərəfləri dinlədikdən və təqdim olunan sübutları araşdırdıqdan sonra şikayətin əsassız olduğu qənaətinə gəlib. Nəticədə Taleh Boradigahinin xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata götürülməsindən imtina edilib.


Geri qayıt