Əsas Səhifə > Dünya > Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdiBu gün, 09:24 |
|
2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə mən bu müharibənin 2030-cu ilə qədər sürə biləcəyini bildirmişdim. Bu o zaman idi ki, əksər analitiklər rus ordusunun 3 gün-1 həftə ərzində Kiyevi işğal edəcəyini söyləyirdi. Məhz belə bir məqamda mənim 8 illik müharibədən “dəm vurmağım” bir çoxlarının dodağını qaçırır və onlar açıq şəkildə bəndənizə “şairsən, get, şeir yaz, sən niyə hərbi kəhanətlə məşğul olursan” deyirdilər. Halbuki, mənim proqnozlarım Avropa İttifaqının Rusiyadan aldığı neft və qaz məhsullarının ixtisarı proqramlarına əsaslanırdı. Həmin proqramlarda Rusiyadan alınan enerji daşıyıcılarının 100% dayandırılmasının 2030-cu ildə sona çatması planlaşdırılırdı. Mən də bu məntiqə söykənib müharibənin də məhz 2030-cu ildə sona çatacağı qənaətinə gəlirdim.
2030-cu ilə 4 il qalıb. Bir çox Avropa ölkələrinin kəşfiyyat orqanları açıq şəkildə müharibənin daha 4-5 il davam etməsinin vacibliyindən danışırlar. Onların fikrincə, Avropa ölkələri yalnız bu müddət ərzində Rusiya ilə açıq döyüşlərə girməyə hazır olacaq. O zamana qədər isə Ukrayna Rusiya ilə savaşmalı və Moskvanın başını qatmaqla bərabər həm də onu yaxşıca zəiflətməlidir. Başqa sözlə, Avropaya Rusiya adlı rahat-hulqum qalmalıdır.
Ötən gün dünyanın xarici siyasət üzrə ən sağlam analitik nəşrlərindən olan “World Politics Review”də yayımlanan bir məqalə də Ukrayna savaşının ən azı 2029-cu ilə qədər davam edəcəyi qənaətinə gəlib. CNN və The Washington Post kimi nüfuzlu informasiya kanallarının da əməkdaşı olan Frida Ghitis yazır:
“Müharibənin 2028-ci ilə qədər başa çatacağı ehtimalı azdır, ona görə də Aİ artıq 2029-cu ilə qədər Kiyevin maliyyəsini gücləndirmək üçün əlavə 117 milyard dollarlıq kredit paketi planlaşdırır.”
Qısası, müəllifin bu sözlərindən belə anlaşılır ki, Ukrayna savaşı ən azı 3 il daha davam edəcək.
Müəllif: Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |