Əsas Səhifə > Dünya > Yaponiya hərbi gücünü ARTIRIR...

Yaponiya hərbi gücünü ARTIRIR...


Bu gün, 12:00

Beynəlxalq aləmdəki müxtəlif gərginliklər və müharibələr Yaponiyanı hərbi gücünü artırmağa məcbur edib. Yaponiya hökuməti öldürücü silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyəti aradan qaldırıb. Tokio Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip adlanan sənədin yenidən nəzərdən keçirəcək. Yaponiya eyni zamanda hərbi ittifaqlara üstünlük verəcək. Yaponiya hökumətinin qənaətinə görə, hazırda heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz. Hökumət eyni zamanda daxili müdafiə sənayesinin texnoloji bazasını gücləndirəcək. Tokio bu prosesi 2014-cü ildən başladıb.
Buna baxmayaraq, Yaponiya hökuməti əvvəlkitək sülhün fundamental prinsiplərinə sadiq qalmağa davam edəcəyini bəyan edib. Ancaq sülhün və sabitliyin davamı müdafiə qabiliyyətinin gücündən asılıdır. Təsadüfi deyil ki, Yaponiyanın baş naziri Sanae Takaiçi bildirib ki, daha da mürəkkəbləşən təhlükəsizlik mühitində heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz və müdafiə avadanlıqları sahəsində tərəfdaş ölkələrin qarşılıqlı dəstəyinə ehtiyac duyur. O, mövcud dəyişiklikləri nəzərə alaraq, istənilən avadanlığın ixracının əvvəlki məhdudiyyətlər olmadan mümkün olacağını açıq şəkildə bildirib. Halbuki, məhdudiyyətlər avadanlıqların yalnız beş məqsəd üçün - xilasetmə əməliyyatları, nəqliyyat, xəbərdarlıq, müşahidə və mina təmizləməsi üçün ötürülməsinə icazə verirdi.
Beləliklə, Yaponiya həm daxili hərbi istehsalı artıracaq, həm də bunun üçün tərəfdaş ölkələrlə ehtiyat hissələrinin və digər komponentlərin qarşılıqlı mübadiləsinni təmin edəcək. Yaponiyanın hazırda bu sahədə 17 ölkə ilə belə müqaviləsi var. Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib və Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür.
Yaponiya hərbi texniki əməkdaşlığı uzaq Ukrayna ilə də həyata keçirməyi planlaşdırır. Yaponiya Ukraynaya silah tədarükü həyata keçirəcək. Tokio Ukraynada istehsal olunan dronlara və dron-tutuculara maraq göstərir. Ukraynanı isə Yaponiyanın hava hücumundan müdafiə sistemi maraqlandırır.
Yaponiya hökumətinin hərbi gücünü artırması və tərəfdaşlarla bu sahədə əməkdaşlığın genişləndirməsi Çin və Rusiyanın narahat edir. Moskva və Pekin hesab edirlər ki, İkinci Dünya müharibəsində məğlub olan Yaponiya hərbi gücünü artırmamalıdır. Halbuki, bölgədə realıqlar dəyişib. Çin artan hərbi gücü və Yaponiya sahillərində yaxın Rusiya ilə birgə keçirdiyi hərbi təlimləri Tokionu fərqli qərarlar qəbul etmək məcburiyyətində qoyub.
Bu arada, Çin təxminən on illik nisbi fasilədən sonra Cənubi Çin dənizində genişmiqyaslı süni adalar tikintisinə yenidən başlayıb. Bu adalar Çinin bölgədəki forpostlarıdır. Adalarda uçuş-enmə zolaqları, limanlar və hərbi obyektlər inşa edilir. Yaradılan adalar Çinin əməliyyat, dənizdə müşahidə imkanlarını genişləndirəcək. Yaponiya və digər bölgə ölkələri Çinin bu planlarına mane ola bilməsələr də, müxtəlif ittifaqlar vasitəsilə balansın pozulmamasına çalışırlar.
Müəllif: Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt