Əsas Səhifə > Dünya > ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışır
ABŞ Çinin nadir torpaq metallarına ixrac nəzarətini dayandırmağa çalışırBu gün, 06:50 |
|
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında gözlənilən danışıqların əsas mövzularından biri Çinin nadir torpaq metallarına ixracına tətbiq etdiyi nəzarət məsələsi olacaq. APA xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Cemison Qr “Fox News” telekanalına açıqlamasında deyib. Bildirib ki, Vaşinqtonun məqsədi bu nəzarətlərin qüvvəyə minməməsinə nail olmaqdır: “Təfərrüata varmayacağam, amma məqsədimiz çox geniş olan bu nəzarətlərin qüvvəyə minməməsinə əmin olmaqdır”. Qr əlavə edib ki, hər iki tərəf “irəliyə doğru yol tapmaq üçün çox konstruktiv danışıqlar aparıb”, lakin yekun qərar Prezident Tramp və Çin Sədri Si Cinpindən asılı olacaq. Bir gün əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent bildirmişdi ki, tərəflər ticarət sazişinin əsas müddəaları üzrə razılığa gəliblər. Çin Ticarət Nazirliyi də danışıqlardan sonra bəyan edib ki, “Çin və ABŞ nümayəndə heyətləri müvafiq ticarət məsələlərinin həlli mexanizmləri üzrə əsas konsensus əldə ediblər”. Xatırladaq ki, bundan əvvəl Çin Ticarət Nazirliyi noyabrın 8-dən etibarən nadir torpaq elementləri ilə əlaqəli bir sıra mallara ixrac nəzarəti tətbiq edəcəyini açıqlamışdı. Tramp bu qərarı “düşmənçilik addımı” adlandıraraq, cavab olaraq Çin mallarına 100 faizlik rüsum və Çin proqram təminatına ixrac məhdudiyyətləri tətbiq etməyi nəzərdən keçirdiyini bildirmişdi. Tramp və Si Cinpinin cümə axşamı Cənubi Koreyada görüşəcəyi gözlənilir. Geri qayıt |