Əsas Səhifə > Dünya > Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAMBu gün, 08:35 |
Bir çoxlarımızın sandığı kimi, Tramp Putinə işləmir. Əksinə, Putin bəlkə özü də anlamadan Trampın qamçısı görəvini icra edir.
Bundan sonra o qamçı Ukraynanın belinə çırpıldıqca Avropa dövlətləri pul kisələrinin ağzını daha geniş açıb ABŞ-ın silah sənayesini maliyyələşdirəcək və aldıqları silahları Ukraynaya göndərərək müharibənin daha şiddətli davam etməsinə qatqıda bulunacaqlar. Nəticədə həm Rusiya, həm də Avropa iqtisadi cəhətdən tükənəcək və aralarındakı gərginlik sayəsində heç zaman bir araya gələ bilməyəcəklər. Dolayısıyla Çinin Avropaya ən güvənli ticarət yolu da ABŞ-ın istədiyi müddət ərzində qapalı qalacaq.
Dünya sənaye istehsalında AB-nin mövqeyinin Ukrayna savaşından nə qədər təsirləndiyinə dair göstəricilərə nəzər salanda ABŞ-ın qurduğu bu mürəkkəb geosiyasi tənliyinin əsl məchulunu rahatlıqla tapa bilərik. Statistik məlumatlara görə, Avropa İttifaqı Ukrayna savaşı başlayana, yəni 2022-ci ilə qədər dünyanın ikinci ən böyük sənaye istehsalçıdı idi. O, dünya sənaye istehsalının 21%-ni öz əlində cəmləşdirirdi. Müharibədən dərhal sonra - 2023-cü ildə bu pay 18%-ə qədər gerilədi. Aİ-nin sənaye gücü xüsusilə avtomobil, kimya, əczaçılıq və maşınqayırma kimi sektorlarda özünü göstərirdi.
Ukrayna savaşına qədər Çinlə Aİ arasında ticari əlaqələr də getdikcə böyüyürdü. 2021-ci ildə Çin xüsusilə ixracda əhəmiyyətli artımla Aİ-nin ən böyük ticarət tərəfdaşına çevrildi. Aİ də öz növbəsində, Çinin ikinci ən böyük ticarət tərəfdaşı idi. Çinin Aİ-yə ixracı 2021-ci ildə ümumi ixracatının 32,6%-nə yüksəlib. Bu göstərici Çin ixracatında ən böyük artım kimi xarakterizə edilirdi. Avropa ittifaqını ABŞ izləyirdi - 27,5%. Asiya nəhəngi ASEAN ölkələrinə ixracatı isə 26,1% təşkil edirdi.
Qısası, Çin 2021-ci ilə qədər Avropa ilə ticarət əlaqələrini artıra-artıra gedirdi. Ukrayna müharibəsindən sonra bu əlaqələr getdikcə zəifləməyə başladı. Rəsmi statistikaya inansaq 2024-cü ildə Çin ABŞ və Böyük Britaniyadan sonra Aİ-nin mal və xidmətlər üzrə üçüncü ən böyük ticarət tərəfdaşına çevrildi.
Bununla belə, Aİ ilə Çin arasında çox ciddi ticarət əlaqələri hələ də özünü qoruyur. Mal ticarətində Aİ-nin Çinlə uzun müddətdir ticarət kəsiri davam edir. 2024-cü ildə bu kəsir 305,8 milyard avro idi və 2023-cü ildəki 297 milyard avroluq kəsiri üstələyirdi. Lakin bu göstərici 2022-ci ildə əldə edilən rekord 397,3 milyard avroluq ticarət kəsirindən xeyli aşağı idi – 92 milyard avro. Buna baxmayaraq, 2024-cü ildə ticari münasibətlərdə bir il əvvəllə müqayisədə Çinin xeyrinə artış yaşanmışdı.
Görünən budur ki, Ukrayna savaşı Çinin Aİ ilə ticarət münasibətlərini qismən azaltsa da, hələ də ABŞ-ı narahat edəcək səviyyədir. Məhz bu səbəbdən də ABŞ hakimiyyətinin Ukrayna savaşının bitməsiylə razılaşacağına inanmıram. Böyük ehtimalla, ABŞ Ukrayna savaşını daha mürəkkəb hala gətirərək Avropa İttifaqını özündən daha asılı vəziyyətə gətirməyə çalışacaq. Onun əlindəki ən yaxşı silah isə Rusiyadır. Putin Avropanın başı üzərində Demokl qılıncı kimi əsərək “qoca qitə”ni ABŞ-ın qucağına qovacaq.
Heydər OĞUZ - "DİA-AZ"
Geri qayıt |