Əsas Səhifə > Dünya > Zaxarovanın KEFLİ AÇIQLAMALARI...
Zaxarovanın KEFLİ AÇIQLAMALARI...Dünən, 11:10 |
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya mətbuatına açıqlamasında deyib ki, “Sputnik Azərbaycan” xəbər agentliyi barədə Azərbaycan tərəfininin indiyədək “heç bir şikayəti daxil olmayıb”.
Amma hara? Rusiya XİN-nəmi? Zaxarova xanım deyəsən unudur ki, Azərbaycan dövləti Rusiyanın bu ölkədəki səfirliyi deyil. Ayrıca və müstəqil dövlətdir. Bir dövlət kimi Rusiya XİN-ə də hesabat verməli deyil. Sadəcə yerli və beynəlxalq qanunvericilik aktlarını əsas gətirib hansısa xarici media qurumunun fəaliyyətinə qərar verə bilər və bunu bir neçə ay bundan əvvəl edib. Dövlət Vergi Xidmətinin reyestrinin məlumatlarına əsasən 24.02.2025-ci il tarixindən etibarən ölkəmizdə “Rossiya Segodnya”nın (“Sputnik Azərbaycan”) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O dövrdən indiyədək 4 aydan artıq vaxt keçir. “Sputnik Azərbaycan” dövlət adından çıxarılan bu qərara əməl etmirsə, təbii ki, ölçü götürmək hüququmuz yaranır.
Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadənin bu gün mətbuata verdiyi müsahibəsində də bu məqama xüsusi diqqət çəkilərək deyilir:
“Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə (“Sputnik Azərbaycan”ın) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur.
Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib”.
Üstəlik, bizim polislərimiz bu qurumun işçilərini qanunsuz jurnalistika fəaliyyətinə görə də həbs etməyiblər. Onlar rus xəfiyə orqanlarının agentləri kimi göz altına alınıblar. Bu cür əməliyyat tamamilə məxfi xarakter daşıdığından onun detalları barədə əvvəlcədən kiməsə məlumat verilə bilməzdi və Zaxarova da bir gün ayıq başla oturub fikirləşsə, ümidvaram ki, bu fikirlə razılaşar.
Akedimik Nizamı Djafarov demişkən, “tak çto” hərdən işə spirtli işki qəbul etmədən gəlmək lazımdır, Zaxarova xanım. O zəhrimarın bir də “paxmel” vəziyyətə düşürmə halları olur ki, baş ağrısından yeni məlumatları oxumaq müşkülə çevrilir. Xüsusilə Azərbaycan kimi yaxın qonşularla bağlı siyasəti ayıq başla formalaşdırmaq lazımdır.
Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |