Əsas Səhifə > Dünya > İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib?

İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib?


Dünən, 16:44

İran İsrailin raket proqramı haqqında məlumat əldə edib və onu müttəfiqləri və anti-İsrail qrupları ilə bölüşməyi planlaşdırır. Bu barədə İranın İnformasiya (Kəşfiyyat) Nazirliyi məlumat yayıb.

“Tasnim” xəbər agentliyi İranın İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədləri əldə edə bildiyini bildirib. İnformasiya Naziri İsmayıl Xətib sənədləri “kəşfiyyat məlumatlarının xəzinəsi” adlandırıb. Onun sözlərinə görə, əldə edilən məlumatlar ölkənin hücum potensialını gücləndirməyə kömək edəcək.

İran kəşfiyyatı sənədlərin bəzilərinin İsrailin hərbi və raket proqramları ilə bağlı olduğunu bəyan edib. Qeyd olunur ki, Tehran İsrailin nüvə hərbi proqramı, eləcə də “cari və gələcək proqramlar” haqqında məlumat, bu layihələrdə iştirak edən alimlər haqqında məlumatlar əldə edib.

Kəşfiyyat məlumatlarına görə, sənədlərin bəziləri artıq İran Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

Bəyanatda deyilir: “Qalanını İran dost ölkələrlə bölüşəcək, ya da təşkilatlara və anti-sionist qruplara veriləcək”.

Nazirliyin məlumatına görə, əməliyyat İsrailin çoxsəviyyəli təhlükəsizlik sisteminin aşılması ilə dinamik əməliyyat şəraitində həyata keçirilib: “Əməliyyatda iştirak edən bütün qüvvələr tam təhlükəsiz şəraitdə vətənə qayıdıb. İran xüsusi xidmət orqanlarının bu sənədlərə çıxış üsulları və onların işğal olunmuş ərazilərdən çıxarılması üsulları İsrailin qoruyucu mexanizmlərini tamamilə zərərsizləşdirəcək şəkildə planlaşdırılıb və həyata keçirilib”.

Beləliklə, verilən məlumat doğrudursa, bu sızıntı Yaxın Şərqdəki gələcək vəziyyət üçün hansı nəticələrə səbəb ola bilər? Potensial olaraq nə qədər təhlükəlidir? Tehran bu məlumatdan necə istifadə edə bilər? İsrail bu barədə nə deyir? İranın əldə etdiyi məlumatların dəyərini bir qədər şişirtməsi ehtimalı varmı?

AYNA.AZ-ın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

İsrailli hərbi ekspert, “YouTube” platformasında hərbi-analitik kanalın müəllifi Sergey Auslender:

“Burada məsələ ondan ibarətdir ki, İran çox güman, belə bir məlumat əldə etməyib. Onlar iki kəşfiyyat agentinin adını çəkiblər. Bunlar iranlıların xahişi ilə müdafiə nazirinin evinin yaxınlığında kameralar quraşdırmağa cəhd edən iki yerli marginal, narkotik aludəçisi və Hayfa ətraflarında yaşayan axmaqlardır.

Yəni, belə “agentlər” o cür məlumatlara çıxış əldə edə bilməzlər. Yaxşı, bu, sadəcə olaraq mümkün deyil, tamamilə qeyri-mümkündür. Ona görə də mənə elə gəlir ki, İran tərəfi arzuladıqlarını reallıq kimi qəbul edir”.

İsrailli politoloq, Bar-İlan Universitetinin professoru Zeev Xanin:

“Hələlik heç nə məlum deyil. İranlılar hələ də heç nə göstərməyiblər. Onlar yalnız gizli obyektlərin kameralarından 40 min saatlıq video çəkilişlərdən və sənədlərdən danışırlar. Bu, onların nüvə arxivinin məşhur oğurluğuna güzgü cavabı kimi görünür.

Lakin sonra İsrail tam olaraq nəyi oğurladığını göstərdi və Tramp nüvə sazişindən çıxdı. İndi isə iranlılar müəmmalı şəkildə susurlar. Bir həmkarımın mənə dediyi kimi: “Əməliyyat Kəşfiyyat Nazirliyi tərəfindən lovğalıqla açıqlanır, görünür, onlar SEPAH-ın möhtəşəm uğursuzluqları fonunda öz uğurlarını nümayiş etdirməyə çalışır. İsraildə biz yalnız agentləri işə götürmək cəhdlərindən xəbərdarıq, lakin ŞABAK tərəfindən həbs edilən heç kəsin sirlərə çıxışı yox idi. Bir sözlə, dəqiq heç nə demək olmaz”.

Rusiya Dövlət Humanitar Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Rəvandi-Fədai:

“Verilən məlumatların doğru olduğunu və İranın İsrailin nüvə obyektlərinin yerləşdiyi yerlə bağlı məlumatları əldə etdiyini fərz etsək belə, son hadisələr olmasaydı, regionda ciddi qeyri-sabitlik olmazdı. Axı, İran sanksiyaların aradan qaldırılması üçün ABŞ-la həssas danışıqlar aparır və vəziyyəti gərginləşdirmək onun maraqlarına uyğun deyildi.

Amma əgər İsrail özü İran obyektlərini atəşə tutmağa başlayıbsa, o zaman Tehran bütün alınan məlumatlardan istifadə edərək ciddi cavab verə bilər. İndi də bu hərəkətlər beynəlxalq ictimaiyyətin gözü qarşısında Təl-Əvivin təxribatına cavab kimi baxmaq məcburiyyətində qalacaq və Tehranın reputasiyasına xələl gətirməyəcək.

Onu da qeyd edək ki, İran açıq şəkildə bu məlumatdan (iranlıların fikrincə, MAQATE İranın nüvə problemi, o cümlədən sonradan israillilər tərəfindən öldürülən nüvə fizikləri ilə bağlı məxfi məlumatları İsraillə bölüşürdü) İsrailin Qərbdəki nüfuzunu sarsıtmaq üçün istifadə etmək istəyirdi ki, bu yaxınlara qədər ABŞ-la aparılan danışıqların gedişinə təsir göstərməsin”.

AYNA.AZ


Geri qayıt