Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Aylardır maaş almayan işçilər var..."

"Aylardır maaş almayan işçilər var..."


Dünən, 11:59

Naxçıvandakı Duzdağ mədənləri uğrunda gedən mübarizə yüzlərlə fəhləni işsiz qoyub. Bu mədənlərin əvvəlki sahiblərinin əlindən alınıb, məmurlar arasında yenidən bölüşdürülməsi üçün yerli hakimiyyət təhlükəsizlik adı altında süni ajiotaj yaradaraq, istehsalı dayandırıb. İşçilərin bir qismi başqa sahəyə yönəldilsə də, xeyli hissəsi çıxarılıb. Rəsmi məlumata görə, çökmə riski olduğundan mədənlər bağlanılıb.
Bu haqda “Gündəlik Naxçıvan”a mədən işçiləri məlumat veriblər.
Əməkdaşlarının bildirdiklərinə görə, bir neçə gündür bütün mədənlərə giriş-çıxış qadağan olunub:
“Bir neçə aydır ki, mədənlərin çoxu səbəbsiz yerə bağlanmış, istehsal minimuma endirilmişdi. İndi isə, guya monitorinq aparıb, çökmə riskinin olduğunu deyirlər. Nə oldu, niyə özəlləşmə başlayandan sonra çökmə riski yarandı?
Aramızda 10-15 il bu sahədə işləyənlər var. Müəyyən kiçik problemlərlə rastlaşmışıq. Çatların artması da olub. Amma ciddi risklər olmadığı üçün iş dayandırılmayıb.
Öz təcrübəmizdən çıxış edərək deyə bilərik ki, heç bir çökmə riski yoxdur. Olsaydı, bunu biz hamıdan əvvəl bilərdik. ”
Mədən əməkdaşları bir neçə aydır maaş almadıqlarını da bildirirlər:
“Xeyli əməkdaş isə işdən çıxıb. Aylardır maaş almayan işçilər var. Monopoliya uğurunda gedən mübarizədə isə işçilər və daha çox yeri sakinlər əziyyət çəkir. Hazırda yerli duza alışan sakinlər yerli duz tapa bilmir, baha qiymətə başqa yerlərdən gətirilən duzlardan istifadə edirlər.Bu isə ciddi narazılıq yaradır”.
Duzdağda ən böyük istehsalçı yerli İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş „Naxçıvan Duz İstehsalı“ MMC olub. Müəssisə may ayında özəlləşdirilmək üçün tenderə çıxarılıb. Yayılan məlumatlara görə, tenderin qalibi „Şərq-Qərb“ ASC olub. Bu müəssisənin 96 faizinin Ramiz Mehdiyevin oğlu Teymura məxsus olduğu bildirilir.

Geri qayıt