Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə…

Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə…


Bu gün, 12:40

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması ilə bağlı müsabiqəyə yekun vurub və “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci ( təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;) maddəsinə əsasən əsasən müsabiqədən kənarlaşmışdır.

Müsabiqənin qalibi “LN TRADING” MMC elan olunmuş və həmin təchizatçı ilə 9.765.975,00 (doqquz milyon yeddi yüz altmış beş min doqquz yüz yetmiş beş) manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 24.10.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Aktualinfo.net bir neçə gün əvvəl Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri və inventarlarının təmiri işləri üzrə keçirdiyi satınalmaların nəticələri ilə bağlı geniş məqalə yaymışdı. https://aktualinfo.net/2025/10/23/valeh-mirzaliyev-respublikanin-t%c9%99hsil-mu%c9%99ssis%c9%99l%c9%99rini-bir-n%c9%99f%c9%99r%c9%99-bagli-iki-sirk%c9%99tin-umidin%c9%99-qoyub/

Sözügedən məqalədə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC ilə ümumi dəyəri 30 milyon manata yaxın olan üç satınalma müqaviləsinin bağladığı bildirilirdi.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 22.10.2025-ci ildə iki açıq tenderə yekun vurululması və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC ilə satınalma müqavilələrinin bağlanılmasını planlaşdırdığını elan etmişdi.

İdarə iki gün sonra, yəni 24.10.2025-ci ildə ildə isə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC-ni uyğunluq göstəricilərinə cavab vermədiyinə görə müsabiqədən kənarlaşdırmışdır.

Düzdür, “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC-nin uyğunluq göstəriciləri “Maşın və avadanlıqlar” xərc maddəsinə cavab verməyə bilər. Çünki, əvvəlki satınalmalardan da görsəndiyi kimi MMC təmir-tikinti üzrə tenderlərin qalibi seçilib.

Buradan sual yaranır. Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsinin Satınalma Komissiyası “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC-nin uyğunluq göstəricilərini əvvəlcədən bildikləri halda bu şirkətlərin satınalmada iştirakına niyə yol verib?

Cavab çox sadədir. Yetərsay düzəlmək üçün. Məlum olduğu kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1. maddəsinin tələblərinə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma ləğv edilməlidir.

Çox güman ki, Əsasli Tikinti Və Təchizat İdarəsinin Satınalma Komissiyası da təchizatçıların sayının üç olması, yetərsay olması üçün “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC-ni satınalmaya cəlb etmiş, uyğunluq göstəricilərinə cavab vermədiyinə görə müsabiqədə kənarlaşdırmış, özlərinə uyğun gələn “LN TRADING” MMC-ni qalib elan etmişdir.

Qeyd edək ki, bu Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “LN TRADING” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər 17.09.2025-ci ildə icma əsaslı və peşə təmayüllü siniflərin təşkili üçün malların satınalınması üzrə 6.421.066,41 manat dəyərində müqavilə bağlayıblar.

Bəs Əsasli Tikinti Və Təchizat İdarəsinin son bir ay ərzində ümumi dəyəri 16 187 041 manat olan iki müqavilə bağladığı “LN TRADING” MMC barəsində nə kimi məlumatlar var?

Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LN TRADING” (VÖEN: 1405520221) Qapalı Səhmdar Cəmiyyətinin 06.05.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, ÜZEYİR HACIBƏYOV, ev.5, m.3, qanuni təmsilçisi kimi isə Cəfərov Ramin Nəcəf oğlu qeyd olunub. QSC-nin təsisçisi və ilk qanuni təmsilçisi Abbaszadə Fariz Nazim oğlu olub.

Vergi öhdəlikləri üzrə 2021- 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Bu rəsmi məlumatlardan başqa “LN TRADING” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir xəbər yoxdur.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.

Göründüyü kimi Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyev dövlət satınalmalarını istədiyi kimi, yetərsay düzəltməkl özlərinə yaxın şirkətlərə milyonlarla manat dəyəri olan tender verir, Elm və Təhsil naziri Emin Əmrullayevin başı isə təhsilin “qlobal” problemlərinə, məktəb direktorları ilə mübarizəyə qarışıb.

Aktualinfo.net


Geri qayıt