Əsas Səhifə > Şou-biznes > Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz

Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz


Bu gün, 11:59

Son illər məşhurlaşan bir neçə gənc aktyor var ki, onların məşhurlaşmağı heç də sənətkarlıqlarına görə deyil. Yəni əvvəlki dövrlərdə olduğu kimi, indiki dövrün də müəyyən boşluqları var və o gənclər həmin boşluqlarda özlərinə yer etməyə çalışırlar.

Üstəlik, indi tanınmaq daha asandır. Bəzən heç nə etməsən də, etdiklərin heç nəyə dəyməsə də, məşhurluq aktı baş tuta bilir.

Adətən, sosial şəbəkədə aktiv olan, məşhurlaşan bu sənət adamları elə sosial şəbəkədə məşhurluqdan çəkinən, ona aldanan adamların hesabına sevilirlər.

Məsələn, aktyor Tural Əhməd də bu cür gənc aktyorlardandır.

Ümumiyyətlə, hər şeydən əvvəl bu adamlara demək lazımdır ki, səs bir az qalın olanda, o dəqiqə qaçıb, məsələn, Vahid Əzizin mənasız şeirlərini deməyə ehtiyac yoxdur. Ya da səsin qalın yerinə salıb ümumiyyətlə şeir deməyə ehtiyac yoxdur. Daha dəqiq, belə bir öhtəliyiniz yoxdur. Bunun üçün azsaylı da olsa, sırf qiraətlə məşğul olan, qiraətçi kimi tanınan adamlar var. Ancaq sizlərin daha çox qiraətlə məşğul olmağınız səhnədə özünüzü başqa cür göstərə bilməməklə bağlıdır.

Təəssüf ki, Tural Əhməd dostumuz da özünü Xəzər Süleymanlı kimi aparır, boş vaxtlarında Kamran Ağabalayev olmaq istəyir.

Məncə, Tural Əhməd özünü boğub şeir demək üzrə ən azı Bakı çempionu olmalıdır. Çünki Respublika çempionları var. Ümumiyyətlə, diqqət etmişəm, qiraətçiliyə iddialı olan aktyorların heç biri heç İqbal Ağazadə kimi də şeir deyə bilmirlər.

Gənc dostumuz Tural özünü boğub şeir deyəndə içimdə deyirəm:

“Ətim, ay ətim, hara gedirsən, ətim?”.

Bütün bunlara baxmayaraq, müşahidə etdiyim qədər, onun şeir deməyini sevən çoxsaylı insanlar da var.

Doğrudur, onun auditoriyasında şeiri bilən, ciddi adamlar da mövcuddur.

Ancaq nədənsə, Tural şeir deyəndə gözümün qarşısına “ş” hərfini “w” yazan, “poddelka” chanel ətri vuran, dar, dizləri cırıq şalvar, əynində ağ köynək, altdan da qara busqalter taxan, Memar Əcəmidə pivnoyda işləyən qızlar gəlir.

Sözsüz, tək onlar da yox. 39 yaşında ərindən boşanıb (Əri ilin çox hissəsini Rusiyada olur), ikinci baharını yaşamağa hazırlaşan, universitetə təzə girən qızı qaşını alanda ona dərs oxumağı deyən, heç kimi sevməməyi tapşıran, qızı əsəbiləşdirəndə bibisi yoxsunnu deyən, ömrünün uzun hissəsini eltisini qısqanmağa həsr edən, elə 40 yaşına az qalmış Orxan adlı bir gəncə vurularaq eşq yaşayan, adı Aygün olsa da, artıq Xırdalanda getdiyi salonda özünə Ayka dedizdirən xanımlar da Tural Əhmədin dediyi şeirlərə əriyə bilirlər. Eləsi var, sel-su aparır.

Bu cür adamlar elə bilirlər ki, şeiri kim deyirsə, elə özü də yazıb. Xüsusilə pivnoyda işləyən o qızlar Tural Əhmədə yazırlar ki, “Ehsen wair aglatdin menü”. (Çoxlu layk edən barmaq işarələri və ağlayan smalik).

Tural Əhməd çəkildiyi filmlərdə, hələ kliplərdə də xüsusi seçilir. Oynaya bilməməyi ilə.

Tural Əhməd ixtisasca jurnalistdir. Jurnalistikanı bitirsə də, jurnalist kimi heç yerdə fəaliyyət göstərməyib. Buna görə Azərbaycan mətbuatı adından Turala təşəkkür edirik.

Tural Əhməd bir sıra filmlərə, seriallara da çəkilib. Ancaq təəssüf ki, rolları ilə yadda qalmağı bacarmayıb. Bəlkə də, əttökən sevgi şeirlərini əttökən formada deməyə də bunun üçün yönəlib.

Elə gənc aktyorlar var ki, onların parlaya bilməməsində bir az da günahkar rejissorlardır. Ancaq Tural Əhməd məsələsində rejissorların heç bir günahı yoxdur. O, hansı rolda olmağından asılı olmayaraq, işığı sönüb.

Tural Əhmədin bundan sonra ancaq başı parlaya bilər, o da saçları tökülsə, keçəl olsa.

Tək-tük gənc aktyorlardandır ki, heç pafoslu da ola bilmir.

Yaxşı xatirimdədir, o vaxtlar “Dəfnə ağacı” adlı serial var idi. Turalın müstəsna istedadsızlığını da ilk dəfə orada kəşf etmişdim.

Sonralar “Pərdə” kimi yaxşı filmdə də oynaya bilmədiyini gördüm və onun nəfəsi mənə tam aydın oldu.

Əgər bu dünyada Tural Əhməd dostumuza bir qram da ümidim ola bilərdisə, onun müsahibələrinin birində səsləndirdiyi fikir bu ümidi də öldürdü. Başa düşdüm ki, Turalı heç cür xilas etmək mümkün deyil. O elə bu cür də qalacaq.

Jurnalist Tural Əhmədi sənətkar hesab edərək soruşur:

“Bəs necə Biləcəridən o yana keçə bilərik?”.

Tural isə unikal, ömür boyu heç kimin ağlına gəlməyəcək sözü öz dili ilə açıq-aşkar deyir.

Deyir ki, bəs Bələdiyyə Teatrının aktyor və aktrisaları arasında çoxlu istedadlı bədii qiraətçilər yetişir. Bu kollektivlə bir poeziya gecəsi tamaşaçılar üçün də maraqlı olar.

Hesab edirəm, artıq nəsə deməyə, şərh verməyə ehtiyac yoxdur.

Orxan Saffari

Gununsesi.info


Geri qayıt