Əsas Səhifə > Şou-biznes > "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"

"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"


Bu gün, 06:31

"Mən əslən Laçınlıyam. Daha dəqiq desək əslim-köküm Laçının Sultanlar kəndindəndirlər. Biz Laçında adlı-sanlı, tanınmış Həmzə Sultan bəy Qaraçorun nəslindənik. Sultanlar qədim, tarixi bir kənddir. Anamgilin ailəsi uzun illər Laçın şəhərində yaşayıblar. Babam, nənəm müəllimlik fəaliyyəti ilə məşğul olublar. Mən Laçında doğulmamışam, amma həmişə arzulayırdım ki, Laçını görüm"
Bunu Moderator.az -a açıqlamasında 9-cu Televiziya Muğam Müsabiqəsinin finalçısı, xanəndə Yusif Cəfərbəyli deyib. O daha sonra Laçın səhnəsində ifa edərək ən böyük arzusuna çatdığını bildirib:
"Allah elə nəsib etdi ki, Muğam müsabiqəsinə qatıldım, seçildim, iştirak etdim və finala çıxdım. 9-cu Televiziya Muğam Müsabiqəsinin finalçısı kimi Laçında səhnə aldım və azyaşlılardan sonra öz yaşıdlarım arasında orada ifa edən ilk xanəndə oldum. Bu həm sevindirici, həm qürurverici, həm də böyük bir məsuliyyət idi ki, öz vətənimdə, Laçınlılarımın qarşısında ifa edirdim. Muğam müsabiqəsini nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da izləyirlər. Finalda "Qarabağ" mahnısını ifa etdim. Hətta bir məqamı da istəyirəm qeyd edim ki, "Qarabağ" mahnısının ikinci bəndində Laçından olan Milli Qəhrəmanlarımızın adlarını da qeyd etdim. Allah Ali Baş Komandanımızın canını sağ etsin. Onun, şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının sayəsində biz Laçına və digər torpaqlara qovuşmuşuq. Bilirsiniz ki, bu gün Laçın şəhəri günüdür. Bu gün həm də Azərbaycan Muğamı günü, Ölkəmizin Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Muğam Müsabiqəsinin sırf ərsəyə gəlməsi Mehriban xanımın adı ilə bağlıdır. Bütün xanəndələr, muğamsevərlər muğamımızın bu gün dünyada tanıdılmasına görə Mehriban xanıma minnətdardır" deyə o bildirib.
Gənc xanəndə ulu babasının tikdirdiyi Həmzə Sultan sarayının aqibətindən də danışıb:
"Ulu babamızın tikdirdiyi saray Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydə alınıb. Ermənilər oranı dağıdıb, hətta erməniləşdirmək üçün bəzi əlavə, müsəlman memarlığına aid olmayan detallar da əlavə ediblər. Hətta işğal dövründə ermənilər oranı mehmanxana kimi istifadə ediblər. İşğala qədər həmin sarayın bir neçə otağında atamgili öz ailələri ilə birgə yaşayıblar. Kənd o qədər böyük olmasa da, tarixidir. Orada bəylərin məzarı, bəzi abidələr var. İşğaldan sonra ailə üzvlərimlə birlikdə kəndimizə gedib adını daşıdığım babamın məzarını ziyarət etdim. Ermənilər bütün məzarları dağıdıblar, təkcə babamın məzarı qalıb. Doğulmadığın amma hər an can atıb getmək istədiyin torpağa ayaq basmaq həqiqətən də möhtəşəm hisdir" deyə xanəndə bildirib.

Geri qayıt